Şanlı Azərbaycan Ordusu dörd il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.
Ümumiyyətlə, 44 günlük müharibə dövründə Zəngilanın işğaldan azad olunması prioritet məsələlərdən biri idi. Çünki Zəngilan Ermənistanla sərhəddə yerləşir və Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Sovet dövründə burada Mincivan stansiyası var idi. Bu bölgənin həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyəti var.
Uzun müddət idi ki, ermənilər Zəngilanı boşaltmaq istəmirdilər, hətta burada məskunlaşdırma siyasəti həyata keçirirdilər. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı.
Zəngilanın işğaldan azad olunması ilə 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Hal-hazırda Zəngilanda quruculuq işləri aparılır. Təbii gözəllik nəzərə alınaraq burada müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər salınacaq. Bu bölgədə hava limanı inşa olunur. Məlum olduğu kimi, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması nəticəsində uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
Rövşən Həsənov,
Muğan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi