“Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir”. Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanla Vyetnamın əlaqələrinin tarixi 1950-ci illərə gedib çıxır. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir. Ümumiyyətlə, tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vietnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vietnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur. Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Digər bir vacib məqam isə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələrdir. Fond 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, ötən aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. “Ümumiyyətlə, hazırda Azərbaycan-Vyetnam əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini deməyə əsas verir”,
Samir Talıbov
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı