Prezident İlham Əliyevin oktyabrın 11-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı bu gün Azərbaycanın dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaradır. Bizə məlumdur ki, 2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb.
10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Bu müddət ərzində dövlətimizin rəhbərliyi tərəfindən fundamental işlər görülüb, ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
Hərəkata sədrliyi dövründə Azərbaycanın mühüm təşəbbüsləri və əldə olunan nəticələr qürurvericidir.Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edən Azərbaycan altılıq platformanın yaradılmasını dəstəkləyir. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın iştirakı ilə formalaşacaq bu əməkdaşlığın bölgəyə sülh, təhlükəsizlik, rahatlıq gətirəcəyi böyük əminliklə vurğulanır. Baş verən proseslər ölkəmizin xarici siyasətinin yalnız region deyil, eyni zamanda, bütün dünya siyasətinə təsir edəcək qədər düşünülmüş, praqmatik, əhatəli və açıq olduğunu təsdiqləyir. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci il mayın 4-də həmin tədbir təşkil olunmuşdur. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etmişdir. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir. Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub.
Azərbaycanın ədalətli mövqeyi Hərəkat tərəfindən daim bəyənilərək dəstəklənib. Təsadüfi deyil ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.
Etibar Sadıqov, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru