Azərbaycan Prezidenti cənab İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı yeni bir dövrün rəmzinə çevrildi. Azərbaycan bu gün MDB ailəsində sadəcə bir üzv deyil, həm də mənəvi dəyərlərin, bərpa olunan mədəniyyətin və ədalətli siyasətin daşıyıcısıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm” bəyanatı həm diplomatik, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu sözlər, həm Azərbaycanın müstəqillik dövründə qazandığı mədəni-siyasi nailiyyətlərin beynəlxalq miqyasda tanınmasının, həm də işğaldan azad olunmuş ərazilərimizin bərpası və dirçəlişinin dünyaya nümayişinin bariz göstəricisidir. Cənab Prezidentin təşəkkürü əslində təkcə diplomatik nəzakət ifadəsi deyil, həm də regionda sülh və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi yönündə verilmiş mühüm mesajdır.
Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması faktı, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin bərpa prosesinə verilən beynəlxalq dəstəyin və bu bölgənin gələcək inkişafına olan inamın göstəricisidir. Laçın, Azərbaycan tarixində həm strateji, həm də mədəni baxımdan mühüm mövqeyə malik bir diyardır. Laçın bir vaxtlar qaranlığa bürünmüş, lakin bu gün müstəqilliyin işığında bərq vuran torpaqdır. Orada qurulan hər bina, bərpa olunan hər mədəni ocaq həm də dövlətçilik ideyasının canlı izidir. Zəngəzur silsiləsinin gözəl təbiətinə, qədim abidələrinə, zəngin folklor və sənət ənənələrinə malik olan bu bölgə əsrlər boyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olub. 2020-ci ildə Vətən müharibəsindən sonra Laçının işğaldan azad edilməsi və burada aparılan genişmiqyaslı bərpa işləri bu torpağın yenidən həyat qazanmasının əsasını qoydu. Bu gün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi, Azərbaycanın azad edilmiş ərazilərində həyatın bərpasına beynəlxalq diqqətin cəlb olunmasına xidmət edir. Həmçinin, bu qərar MDB məkanında Azərbaycan mədəniyyətinin, tolerantlıq və multikulturalizm prinsiplərinin yüksək qiymətləndirildiyini göstərir. Laçının mədəniyyət paytaxtı elan olunması, həm də onun sülh, dostluq və qarşılıqlı anlaşma mərkəzinə çevriləcəyinə işarədir. Şərqi Zəngəzur bölgəsi Azərbaycanın iqtisadi, sosial və mədəni inkişaf planında mühüm yer tutur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın, Kəlbəcər, Zəngilan və digər rayonlarda aparılan bərpa işləri təkcə fiziki infrastrukturun qurulması deyil, həm də mədəni həyatın canlandırılması məqsədi daşıyır.
Məhz bu baxımdan, Laçının MDB mədəniyyət paytaxtı elan olunması, bölgədə keçiriləcək tədbirlərin beynəlxalq xarakter alacağına, burada yeni mədəni platformaların, festivalların və sənət layihələrinin həyata keçiriləcəyinə zəmin yaradır. Bu addım həm də azad edilmiş ərazilərin “həyata qayıdışının” rəmzi kimi dəyərləndirilə bilər.
Səməndərova Şəbnəm
Saatlı şəhər Bülbül adına UMM-nin nəzəriyyə müəllimi.