Nizami Mərkəzinin təklif etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusu qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Bu fikri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxış edərkən söyləyib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu tədbirdə Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından çox uğurlu oldu və mühüm önəmə malikdir. Dövlətimizin başçısı media nümayəndələrinin suallarına ətraflı cavab verərkən həm də dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı.
Regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Regionun gələcək inkişafı ilə bağlı yeni perspektivlər açılır. Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.
10 noyabr Bəyanatının 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq edəcək. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Zəngəzur dəhlizinin açılması ilə illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmir yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb.
Prezident növbəti dəfə bildirdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu, onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu gün dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Hazırda dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Çünki bütün dünya şahidi oldu ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi.
Bir sözlə, Azərbaycan Prezidentinin Nizami Gəncəvi Mərkəzindəki irəli sürdüyü müddəalar ölkəmizin beynəlxalq mühitdə mühüm qələbəsidir. Tədbir zamanı kifayət qədər vacib məsələlərə toxunulub, Azərbaycanın mövqeyi ölkə başçısı tərəfindən yenidən konkret olaraq ortaya qoyulub, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərilib. Bütün bunlar beynəlxalq miqyasda Azərbaycana, onun Prezidentinə olan hörməti daha da artırdı. Məhz bununla qürurlanır və fəxr edirik ki, Vətənimizi dünyaya tanıtdıran liderimiz var.
Cahangir Muradov, Cəlilabad şəhər sakini, ağsaqqal, “Əməkdar mədəniyyət işçisi”