20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində həm hüzn, həm də milli birlik və müstəqillik uğrunda mübarizə simvolu kimi qızıl hərflərlə yazılmışdır. Həmin gün, Sovet İttifaqının rəhbərliyi Azərbaycan xalqının azadlıq və suverenlik tələblərinə zorakı cavab verdi. Bu hadisələr tarixə “Bakı Əməliyyatı” adı ilə düşdü və xalqın iradəsini sındırmağa yönəldilmiş qəddar bir hərbi müdaxilə kimi yaddaşlara həkk oldu.
“Bakı Əməliyyatı” SSRİ Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi müdaxilə idi. Əməliyyatın məqsədi Bakı şəhərində və Azərbaycanın digər bölgələrində Sovet hakimiyyətinə qarşı başlayan kütləvi xalq etirazlarını yatırmaq idi. Azərbaycan xalqı həmin dövrdə Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddialarına və Sovet rəhbərliyinin bu məsələdə ədalətsiz mövqeyinə qarşı çıxırdı.
Xalq SSRİ-dən ayrılaraq müstəqil dövlət qurmaq istəyini açıq şəkildə ifadə etməyə başlamışdı. Belə vəziyyət Sovet rəhbərliyində böyük narahatlıq yaratdı və nəticədə 19 yanvardan 20 yanvara keçən gecə Bakıya qoşun yeridildi.
1990-cı ilin yanvar ayının 19-da Bakıda fövqəladə vəziyyət elan olundu. Lakin bu qərar haqqında məlumat yalnız əməliyyat başladıqdan sonra yayıldı, xalq bundan xəbərsiz idi. Gecə saatlarında şəhərə tanklar və silahlı qoşunlar daxil oldu. Əməliyyat zamanı dinc əhaliyə qarşı ağır silahlar tətbiq edildi. Heç bir xəbərdarlıq edilmədən evlərə, avtomobillərə, hətta təcili tibbi yardım maşınlarına atəş açıldı.
Nəticədə isə 147 nəfər həyatını itirdi, yüzlərlə insan yaralandı, minlərlə insan həbs olundu. Qanlı müdaxilə Bakının küçələrini qana boyadı və xalq arasında böyük qəzəb doğurdu.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi