BMT-nin 29-cu iqlim sessiyasının bağlanış plenar iclasının çox gərgin olması, amma uzun müzakirələrin yekununda arzu olunan razılaşmanın qazanılması iqlim dəyişikliyi üzrə dünyamızın mübarizə tarixinə qızıl hərflərlə yazılıb. Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssislərinin saatlarla davam edən danışıqlarının yekununda iki qütb yəni, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulmuşdu. Yeni əldə edilmiş razılaşmaya əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə təbii fəlakətlərin zərərinin azaldılması, bərpaolunan enerji keçidinin dəstəklənməsi və yoxsulluğun azaldılması ilə əlaqədar hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırması öhdəliyi götürməsi qərara alındı.
Qapanış mərasimində BMT Baş katibi Antonio Quterreş çıxışında hökumətləri və qlobal ictimaiyyəti bundan sonra da iqlim dəyişikliyinə qarşı mübarizədə daha da fəal olmağa, qəti addımlar atmağa çağırdı, həmçinin, bu sahədə əsas olaraq G20 ölkələrinin dəstəyinin vacibliyini vurğuladı.
Artıq dünya ictimaiyyəti, ekoloqlar, xüsusən də COP29-un iştirakçıları Bakıda əldə olunmuş uğurları yüksək qiymətləndirilər. Belə ki, Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un bağlanış plenar iclasının birinci hissəsinin nəticələr ilə bağlı mətbuat konfransında bildirdi ki, Bakı iqlim konfransında karbon bazarlarının yaradılması ilə əlaqədar çox mühüm addımlar atılmışdır. Karbon bazarının yaradılmasının ekoloji bütövlüyün təmin edilməsi üçün prioritet olduğunu vurğulayan nazirin sözlərinə görə, maliyyə ilə əlaqədar öhdəliklərə sadiqlik məsuliyyəti olmalıdır. Bağlanış plenar iclasında Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə cəmləşdirir.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı