Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılmışdır. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdədir.
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxışı zamanı bu sözləri də söyləmişdi. “Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır”.
Ağayev Telman
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru