• Ça. Noy 26th, 2024

Bayramlar içində ən gözəli

ByVuqar Ferzeliyev

Mar 16, 2024

         Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.

         Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.

El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»

 Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.

 Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.

Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

 Əziz dostlar! Təbiəti gözəlləşdirən Novruz bayramı, həyatınızı daha da gözəlləşdirsin! Bütün ömrünüz yaz gülləri qədər ətirli və təravətli olsun! Novruz bayramın mübarək olsun!

Rafail Nağıyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Sabirabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir