Müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişməkdədir və bu dəyişikliklər dövlətlərin strateji yanaşmalarına birbaşa təsir göstərir. Ənənəvi olaraq beynəlxalq hüququn aliliyi üzərində qurulan münasibətlər bu gün getdikcə daha çox güc amilinin təsiri altına düşür. Dünyanın müxtəlif regionlarında baş verən hadisələr göstərir ki, beynəlxalq sistem yeni bir eraya qədəm qoyub. Bu erada dövlətlərin təhlükəsizliyi, suverenliyi və maraqları təkcə hüquqi mexanizmlərlə deyil, həm də real siyasi, iqtisadi və hərbi potensialla təmin olunur.
Belə bir mürəkkəb beynəlxalq mühitdə hər bir ölkə öz milli maraqlarını əsas götürərək strateji məqsədlərini müəyyənləşdirməli və bu məqsədlərə çatmaq üçün çevik və praqmatik siyasət yürütməlidir. Milli strategiyanın əsasında dövlətin real imkanları, tarixi təcrübəsi və geosiyasi mövqeyi dayanmalıdır. Eyni zamanda, beynəlxalq hüquqa riayət etmək və ümumbəşəri dəyərləri qorumaq legitimliyin əsas şərti olaraq qalır.
Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət bu baxımdan nümunəvi hesab edilə bilər. Ölkənin strateji məqsədi milli maraqlar əsasında konkret nəticələr əldə etmək olmuşdur. Siyasi inkişafın təmin edilməsi, suverenliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində atılan bütün addımlar beynəlxalq hüquq çərçivəsində və qəbul olunmuş norma və prinsiplərə uyğun şəkildə həyata keçirilmişdir. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyini gücləndirmiş və onun legitim fəaliyyətini təsdiqləmişdir.
Mövcud beynəlxalq reallıqlar bir daha sübut edir ki, hər bir dövlət öz təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün geniş və balanslaşdırılmış xarici siyasət yürütməlidir. Xüsusilə regional əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Qonşu ölkələrlə qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətlər qurmaq, daha sonra isə bu əlaqələri qlobal müstəviyə daşımaq strateji baxımdan vacibdir.
Azərbaycan məhz bu yanaşma sayəsində həm regionda, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Aparılan siyasət göstərir ki, güc amilinin ön plana çıxdığı bir dövrdə belə, hüquqa əsaslanan, düşünülmüş və məqsədyönlü strategiya uğurlu nəticələr verə bilər. Bu isə müasir beynəlxalq münasibətlər sistemində milli maraqların qorunmasının əsas şərtidir.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
