Dövlətimizin başçısı İlham Əliyev Bakıda keçirilən 12-ci Qlobal Forumda iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə diqqətə çatdırdı ki, dünya nizamının dəyişməsi fonunda hər bir ölkə öz milli maraqlarını qorumaq üçün xarici təsirlərdən asılı olmadan qərar qəbul etməlidir. Dövlət başçımız müsahibəsində Azərbaycanın heç bir beynəlxalq təsisata və ya dövlətə arxalanmadan öz suverenliyini qoruduğunu və uğurlu nəticələr əldə etdiyini vurğulayır. Tarix göstərir ki, hər hansı bir xarici yardıma həddindən artıq güvənmək ölkələri zəiflədə bilər. Çünki belə olan halda həm suverenlik məhdudlaşır, həm də gələcəkdə bu yardımların davamlı olacağına heç bir zəmanət yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və gələcəyini müstəqil şəkildə qurur.
Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
Bəli, o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.
Dövlət başçımız vurğulayıb ki, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.
Prezident qeyd edib ki, əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və yanaşmanın formalaşmasında onun vacib rolu var. Beynəlxalq məsələlərin müzakirə məkanına çevrilən Bakı Qlobal Forumunda Prezident İlham Əliyev vacib mesajlar verdi ki, bunu layiqincə qiymətləndirmək lazımdır.
Əmrah Quliyev,
Cəlilabad Bələdiyyələrinin Əlaqələndirmə
Şurasının Sədri