Azərbaycan Prezidenti İlham Əliyev 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında vurğuladı ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
Türkiyədə baş verən təbii fəlakət hər birimizi sarsıtdı. Və bir millət, iki dövlət olan, dünyada olmayan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə – Azərbaycan və Türkiyə ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər. Və elə qardaş ölkənin bu çətin günündə də ilk yanında olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə, həmçinin Azərbaycan xalqı oldu.
Cənab İlham Əliyev bildirib ki, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi.Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
Prezident seçkilərindən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində isə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Dövlətimizin başçısı 2021-ci ilin iyun ayında Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və bunun bizim əlaqələrimizin rəsmən müttəfiqlik səviyyəsinə qaldırdığını söylədi. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və onun işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.
Hər iki dövlət rəhbəri bəyan etdi ki, bizim əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Rahib Kərimov – Cəlilabad Dövlət Aqrar İnkişaf
Mərkəzinin direktoru