• Şb. Noy 23rd, 2024

BİRLİK, QARDAŞLIQ, DOSTLUQ RƏMZİ

ByYenigun.news

İyl 6, 2021


Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri zəminində qurulan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. İkitərəfli əlaqələrdən bəhs edərkən ölkələrimiz arasındakı siyasi dialoqun dinamik səciyyə daşıdığını xüsusi vurğulamaq lazımdır. İki ölkə liderləri bir-birlərinə “qardaşım” deyə xitab edirlər. Artıq yaxşı ənənə formalaşıb. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. Eyni zamanda, iki qardaş ölkənin rəhbərləri ikitərəfli və digər platformalarda davamlı olaraq görüşür və səmərəli təmaslar qururlar. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq.
Qardaşlıq münasibətlərini və strateji tərəfdaşlığı rəsmiləşdirən tarixi sənədlər. Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.
Hamıya gün kimi aydındır ki, beynəlxalq əhəmiyyət kəsb edən layihələr region üçün həyati mahiyyət daşıyır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. İki ölkə arasında digər sahələrdə əməkdaşlıq əlaqələri də məhz siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur.
Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi: “Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri də 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı oldu. Hər iki ölkə bundan sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir. Qardaş Türkiyə həm bərpa prosesinə, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə vermək niyyətini bir daha açıqladı. Bu amil ölkəmizin vətəndaşlarının gələcək firavan həyatının təminatına xidmət edir.
İki qardaş ölkə arasında müttəfiqlik barədə dövlət sənədinin məhz Şuşada imzalanmasını tarixi, siyasi və mədəni baxımdan ortaq sərvət kimi dəyərləndiririk. Azərbaycanın və Türkiyənin ortaq gücü regionda hamının maraqlarını təmin edən yeni şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aşkar şəkildə bəyan etdilər ki, bölgədə bərpaolunan nəqliyyat və kommunikasiya xətləri bütün tərəflər üçün açıqdır. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!
Səidə Şükürova, Cəlilabad şəhər Z. Əliyeva adına 7 saylı məktəb-liseyin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir