Beynəlxalq hüququn yalnız kağız üzərində qaldığı hallarda, güclü dövlət olmağın alternativi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində çox əsaslı fikirlərlə ictimaiyyətin diqqətini bu məsələyə cəlb edib. Müsahibənin əsas xəttini reallığa söykənən siyasi yanaşma təşkil edirdi. Prezident deyib ki, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu.
Prezident İlham Əliyev müsahibədə ordu quruculuğuna xüsusi önəm verərək vurğuladı ki, qələbədən sonra arxayınlaşmaq olmaz. Bu yanaşma dövlətin təhlükəsizlik siyasətinin əsas fəlsəfəsini əks etdirir. Güclü ordu – güclü dövlət deməkdir. Azərbaycanın müdafiə sənayesinin inkişafı, hərbi məhsulların istehsalı və ixracı ölkənin artıq təkcə regional deyil, müəyyən mənada beynəlxalq hərbi-texniki tərəfdaşa çevrildiyini göstərir.
Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz həm siyasi, həm də ictimai xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb. Dövlətimizin başçısı qeyd edib: “Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz Ermənistana, yəni onlara layiq olan cavabı daha kəskin verə bilərdik. Necə ki, bizim ərazilərimiz viran olunub, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Biz bunu etmədik.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işləri davam edir. Paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma layihələri icra ediləcək, bu bölgəni biz birləşdirəcəyik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq.
Xanlar Mirzəyev,
Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi