• Ç. Mar 4th, 2026

Biz 12 ölkəyə qaz tədarük edirik.

ByVuqar Ferzeliyev

Mar 5, 2026

       Azərbaycanın təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.

       Beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclasındakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini, qarşıdakı dövr üçün prioritetləri və beynəlxalq əməkdaşlıq perspektivlərini aydın şəkildə təqdim edib.

       Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi möhkəmlənməsinə şərait yaradıb. Ölkə başçısı tədbirdəki çıxışında bildirib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”. Bu fakt ölkəmizin enerji diplomatiyasının uğurlu nəticəsidir. Xüsusilə Avropa İttifaqının 10 üzv dövlətinə Azərbaycan qazının çatdırılması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyini gücləndirmişdir.

       Son illərdə Azərbaycan enerji təhlükəsizliyi məsələsində regional aktordan strateji tərəfdaşa çevrilib. Bu gün ölkəmizin 12 ölkəyə təbii qaz ixrac etməsi təkcə iqtisadi göstərici deyil, həm də geosiyasi əhəmiyyət daşıyan mühüm nailiyyətdir. Bu fakt Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir və onu Avrasiyanın enerji xəritəsində əsas oyunçulardan birinə çevirir.

Azərbaycanın 12 ölkəyə qaz tədarük etməsi həm də milli iqtisadiyyat üçün mühüm gəlir mənbəyidir. Bununla yanaşı, ölkə enerji diplomatiyası vasitəsilə siyasi və iqtisadi əlaqələrini möhkəmləndirir. “Biz 12 ölkəyə qaz tədarük edirik” ifadəsi sadəcə statistik rəqəm deyil. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun, enerji təhlükəsizliyinə töhfəsinin və uzunmüddətli strateji baxışının göstəricisidir.

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi