Üçüncü təcrübə, yəni sülh təcrübəsi, uzunmüddətli münaqişələrdən sonra sülhün necə bərqərar oluna biləcəyini göstərir. Bu, asan iş deyil, çünki dünyada hələ də çoxsaylı gərginlik nöqtələri mövcuddur və bəzi münaqişələr uzun illər davam edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması isə nadir bir nümunədir. 2023-cü ilin sentyabrında baş vermiş son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağa qədər olan müddət iki ildən az çəkmişdir. Bu, normal vəziyyətlə müqayisədə görünməmiş sürət hesab olunur və yalnız güclü siyasi iradə, qarşılıqlı anlaşma və müharibənin əbədilik olmayacağına dair dərk etmə nəticəsində mümkün olmuşdur.
Sülh, hər iki ölkənin verdiyi qərar və göstərdiyi səylər sayəsində reallaşmışdır. Hazırda artıq yeddi aydır ki, Azərbaycan sülh şəraitində yaşayır və bunun üstünlükləri açıq şəkildə görünür. Bu təcrübə göstərir ki, sülhdən daha yaxşı heç nə yoxdur. Müharibə şəraiti, insanların həyatına, iqtisadiyyata və sosial sabitliyə ciddi zərər verir, buna görə də sülhün dəyəri böyükdür.
Dünya üzrə baş verən yeni gərginlik nöqtələri və uzunmüddətli münaqişələr isə beynəlxalq davranış strukturuna və beynəlxalq hüquqa təhdid təşkil edir. Beynəlxalq hüquq və normativlərə hörmət edilmədikdə, o cümlədən beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmadıqda, ölkələrin ərazi bütövlüyü və suverenliyi pozula bilər. Azərbaycan-Ermənistan sülh təcrübəsi göstərir ki, güclü siyasi iradə, qarşılıqlı sadiqlik və beynəlxalq hüquqa riayət etməklə, həm regionda sabitlik, həm də dövlətlərin ərazi bütövlüyü qoruna bilər. Bu, yalnız iki ölkənin deyil, bütün region və beynəlxalq cəmiyyət üçün önəmli nümunədir.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru
