Prezident İlham Əliyevin cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd olunur ki, Azərbaycan ilə Gürcüstanın eyni coğrafi mövqedə yerləşməsi çox mühüm amildir. Bu amil Azərbaycan-Gürcüstan münasibətlərinin ümumi dinamikasına mühüm təsir göstərir və eyni zamanda, onların gələcək inkişaf perspektivlərini, mümkün problemlərin və məhdudiyyətlərin formatını işıqlandırır.
Nəzərə almaq lazımdır ki, Qafqaz dünyanın ən əhəmiyyətli və ən həssas yanaşdığı regionlardan biridir. Cənubi Qafqazın Qərbdən giriş qapısı Gürcüstan hesab olunursa, ümumilikdə Cənubi Qafqazın əsas dövləti, dominant qüvvəsi, gücü və coğrafi baxımından Cənubi Qafqazın şimaldan cənuba, şərqindən qərbinə yerləşən dövləti Azərbaycandır. Eyni zamanda Mərkəzi Asiyaya, Uzaq Şərqə doğru açılan və oradan gələn qapı da Azərbaycandır.
Bu baxımdan tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.
Prezidentimiz öz çıxışında deyib ki, biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın – Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik, qonşularımıza eyni gözlə baxırıq. Məhz belə münasibət dövlətlərimizin ciddi töhfə verəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir.
Bu iki ölkə ilə yanaşı, Türkiyənin də daxil olduğu üçtərəfli əməkdaşlıq formatı region üçün böyük əhəmiyyət kəsb edir: ikincisi Gürcüstanın iqtisadiyyatında və ticarətində aparıcı mövqe tutur və Azərbaycanın hərbi-siyasi sahədə ən mühüm tərəfdaşıdır. Eyni zamanda, həm Gürcüstanın, həm də Azərbaycanın Rusiya ilə özünəməxsus münasibətləri var. Lakin Tbilisidən fərqli olaraq, Bakı çalışır ki, mümkünsə, Moskva ilə münasibətləri gərginləşdirməsin.
Gürcüstan dövlət başçısının Azərbaycana səfəri zamanı iki ölkə arasında gündəmdə olan iqtisadi əhəmiyyətli məsələlər də müzakirə olunub. Əminik ki, Gürcüstan prezidenti Mixail Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcək və onları yeni səviyyəyə qaldıracaq.
Ofeliya Sadatova,
Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru