Bu gün Azərbaycanın iqtisadi inkişaf tempi dinamikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar strategiyası miqyasına görə olduqca genişdir. Ötən illər ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanınıb. Azərbaycan bütün dünyada bu gün sürətlə dəyişən ölkə imici qazanıb. Bu, dünya miqyasında çox az rast gəlinən nümunədir. Bu model çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühit yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də 2024-cü ilin ötən ayları ərzində əldə edilən uğurlar və görüləcək işlər müzakirə olunub.
Cənab Prezidentin müşavirədə çıxış edərkən dediyi kimi, bu il də iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər də bunu təsdiq edir. İqtisadi artımın 4,3 faiz təşkil etməsi bugünkü dünyada gedən proseslərə rəğmən çox müsbət göstərici hesab edilməlidir. Azərbaycanın iqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələri üstələyir. Qeyri-neft sektorunun 7 faiz artımı da müsbət haldır. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. Dövlət başçısının vurğuladığı kimi, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olub. Bu da çox müsbət göstəricidir. Bu gün ölkə qarşısında duran vəzifələr, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun bərpası böyük maliyyə vəsaiti tələb edir. Böyük əminliklə deyə bilərik ki, gələn il də ölkəmizdə iqtisadi inkişaf tempi yüksək səviyyədə olacaq.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi