13 mart 2025-ci il tarixində Bakıda keçirilən 12-ci Qlobal Forumda iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə Prezident İlham Əliyev Qafqazda mövcud olan siyasi vəziyyət və eləcə də prespektiv siyasi proseslər haqqında ətraflı məlumat verib.
Dövlətimizin başçısı qeyd edib ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir.
Bu məsələdə o qədər də nikbin deyiləm. Realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.
Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə – Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
Yəni öz resurslarımıza güvənirdik, suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.
Azərbaycanın qalib ölkə kimi nüfuzu və mövqeləri getdikcə möhkəmlənir. Dövlət başçımızın da bəyan etdiyi kimi, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər, bundan sonra da buna nail ola bilməyəcklər.
Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad Rayon Təşkilatının sədri