“Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.” Bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 30 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçirildi. Hər il keçirilən “Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.
Azərbaycanın enerji sahəsində bu gün qazandığı uğurlar, beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən dərhal sonra imzalanan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi, Azərbaycanın yalnız enerji sektorunda deyil, ümumilikdə geosiyasi xəritədə də yerini və gücünü dəyişdi. Həmin dövrdə ölkənin iqtisadi və sosial vəziyyəti son dərəcə ağır idi-iflic olmuş iqtisadiyyat, vətəndaş qarşıdurmaları, min faizlə ölçülən inflyasiya və yüz minlərlə qaçqın və məcburi köçkün. Lakin Ulu Öndər Heydər Əliyev bu qaranlıq mənzərəyə baxmayaraq, Azərbaycanın gələcəyini enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıqda görürdü.
Bu strateji yanaşma bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq sabit siyasi sistemə və müstəqil iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın ÜDM-dəki payı 30 faizdən artıqdır. Xarici borcun aşağı səviyyədə olması və maliyyə ehtiyatlarının çoxluğu ölkənin dayanıqlığını təmin edir. Enerji siyasətində yalnız hasilat deyil, həm də bərpaolunan enerji mənbələrinə keçid əsas prioritetlər sırasındadır. 2030-cu ilə qədər 6,5 giqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur.
Muradov Sərhəd
Saatlı şəhər Bülbül adına UMM-nin tar müəllimi