44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasətinə əsaslanan geniş tikinti-quruculuq işləri aparılır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb. Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22.87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək. Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq. Sənəddə əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları layihələndirilib. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18%-i yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı