İyunun 14-də Cəlilabadda Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoydular. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək dövlət müstəqilliyi gününə həsr olunmuş rəsm əsərləri ilə tanış olmuşlar. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirmişdir ki, 29 il bundan əvvəl 1993-cü ilin iyununda Azərbaycanda baş verən hadisələr tariximizdə ən ağır, mürəkkəb dövr olmuşdur. İyunun 4-də Gəncədə baş vermiş hadisələr o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz siyasəti, naşı rəhbərliyi ucbatından ölkəmizdə vətəndaş müharibəsinə gətirib çıxartdı. Müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı, xalqımız böyük fəlakətlə, faciələrlə üz-üzə dayanmışdı. Bundan istifadə edən erməni silahlı qüvvələri torpaqlarımıza hücumu getdikcə gücləndirir, yeni ərazilər işğal edirdilər. Belə bir dövrdə xalqımız özünə xilaskar saydığı dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdi. Ulu öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqın təkidli xahişi və tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə razılıq verdi. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını uğurla icra etməyə başladı. Bu tarixi qayıdış ölkənin qeyri-müəyyən gələcəkdən qurtulması, qardaş qırğınına son qoyulması, xalqın ümidlərinin bərpası idi.
Çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyini xalqın böyük oğlu, dünyada fenomen şəxsiyyət kimi qəbul edilmiş Ulu öndər Heydər Əliyev ağıllı zəkası ilə xilas etdi. Ulu öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasətin nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə, Heydər Əliyevə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi. Böyük azərbaycanlı, dahi dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev yaşadığı şərəfli və mənalı həyatında hər zaman doğma Azərbaycanı, xalqını düşünmüşdür. Bu böyük insan bütün varlığı ilə doğma xalqına bağlı olmuş, Azərbaycanın hərtərəfli inkişaf etməsi, dünyada tanınması üçün möhtəşəm işlər görmüşdür. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Beləliklə, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilmiş, ümumrayon tədbiri incəsənt ustalarının konsert proqramı ilə davam etmişdir.