14 iyun 2021-ci il tarixində Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Cəlilabad Uşaq Gənclər İdman Şahmat məktəbinin qarşısında keçirilən yarışda 20 nəfər uşaq və yeniyetmə iştirak edib. Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayev, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad üzrə nümayəndəsi Elnur Atakişiyev, UGİŞM-nin direktoru Abbas Zülfüqarov öz çıxışlarında bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əsaslı dönüş yaranmış, Azərbaycanda beynəlxalq normalara uyğun, demokratik və hüquqi dövlət quruculuğu başlanmışdır. Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuş, ölkəmiz dünyada öz layiqli yerini tutaraq, regionda lider dövlətə çevrilmişdir. Ölkədə digər sahələrlə yanaşı, idmanın müxtəlif növlərinin inkişafına da qayğı göstərilmişdir.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Salmanlı Mirəli Savalan oğlu I yeri, Muxtarlı Fuad Elçin oğlu II yeri və Ağayev Oktay Yusif oğlu III yeri tutublar. Qaliblər Cəlilabad rayon Gənclər və İdman İdarəsinin və Cəlilabad rayon Təhsil şöbəsinin diplomları ilə təltif olunublar.