Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən xarici siyasət nəticəsində dövlətimiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər isə ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.
Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas vektorlardan biri də ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsidir. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün həmin siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Bu baxımdan Prezident İlham Əliyevin iyunun 7-də Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verərək, münasibətlərin inkişafında yeni səhifə açır.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə Prezident İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
İyunun 8-də Qahirədə prezidentlərin iştirakı ilə iki dost ölkə arasında müxtəlif sahələri əhatə edən 7 mühüm sənəd imzalanıb. Təbii ki, imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.
Mətbuata bəyanatlarında dövlət başçısı İlham Əliyev bildirib ki: “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar”.
Cəfərova Gülənbər
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi