Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bəyan edib ki, ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik.
COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.
Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq.
Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan bu çıxışı da məhz vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin, təmiz ekoloji mühitinin təmin edilməsinə böyük töhfələr verəcək. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Bütün bunlar xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, onları Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
Cəlilabad rayonu üzrə gənclər və idman sektoru