• Ça. Noy 26th, 2024

COP29-a Misirdən beynəlxalq platformada dəstək

ByVuqar Ferzeliyev

İyn 10, 2024

        Azərbaycan Prezidenti İlham Əliyevin Qahirəyə səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu səfər bir çox aspektlərdən xüsusilə diqqəti cəlb edir. Formal olaraq səfər çərçivəsində Azərbaycan və Misir arasında bir sıra sahələrdə, o cümlədən, elektrik və bərpaolunan enerji, iqtisadiyyat, sərmayə və azad zonalar, informasiya və kommunikasiya texnologiyaları, gənclər və idman və digər bir sıra sahələrdə əməkdaşlıq sənədləri imzalanıb.

       Səfər çərçivəsində keçirilən mətbuat konfransında iki prezident əməkdaşlığın dərinləşməsi, iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqda bəyanatlar veriblər. O da məlumdur ki, Azərbaycan-Misir əlaqələri hər zaman isti olub, iki ölkə arasında ciddi soyuqluq mövcud olmayıb. Bu mənada 8 iyun səfərini bir mənada əməkdaşlığın dərinləşdirilməsi cəhdi kimi qiymətləndirmək olar.

        İslam aləmində, ümumiyyətlə, dünyada ilk universitet hesab olunan əl-Əzhər Universiteti müsəlman aləminin elm və düşüncə mərkəzləri sırasında ciddi ağırlığa, hətta lider mövqeyə malikdir. Bu elmi-dini mərkəzin nüfuzu heç də Misir dövlətindən az deyil. Bu mənada prezident İlham Əliyevin əl-Əzhər Universitetini və onun rektorunu ziyarət etməsi, verilən dostluq, əməkdaşlıq mesajları mühüm əhəmiyyət kəsb edir. Əl-Əzhər islam aləminin əsas söz sahibi elm mərkəzlərindən biri olaraq qalır və müsəlman dünyası ilə siyasi-diplomatik əlaqələri dərinləşdirməyə çalışan Azərbaycan üçün əl-Əzhərlə yaxın əlaqələr vacibdir. Bu görüş zamanı məlum oldu ki, Azərbaycan COP29 çərçivəsində dini liderlərin növbəti görüşünü təşkil etməyə hazırlaşır. Təbii ki, bu cür qlobal səviyyəli toplantıda əl-Əzhər Şeyxinin iştirakı əhəmiyyət kəsb edir. Şeyxin ət-Tayyib bu ilin noyabrında Bakıya gələcəyini və COP29 çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparılacağını bildirib.

      Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 tədbiri diqqət mərkəzində olub. Cənab İlham Əliyev səfər çərçivəsində verdiyi bəyanatda deyib: “Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar”.

        Ümumiyyətlə, Prezident İlham Əliyevin Misirə səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafına təkan verən növbəti uğurlu səfər oldu. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da öz mənəvi dəstəyini əsirgəmir.

Seymur Abbasov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir