İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Cənab Prezidentin iştirakı bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayır. 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf etdi. O vaxtdan bəri “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrildi.
Builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti qəbul edir.
Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.
Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.
Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.
Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.
İsayev Nahid
Saatlı rayon Arxiv idarəsinin müdiri