Bakıda Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və çoxsaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasiminləri keçirilib.
Cənab İlham Əliyev tədbirdə dərin məzmunlu çıxış edib. O, diqqəti qlobal məsələrlə bir sırada COP29-un əhəmiyyətindən söhbət açaraq bildirib ki, ola bilər, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır. Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik.
COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik. Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru