Son illər iqlim dəyişmələri mövzusu beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və bu istiqamətdə keçirilən qlobal tədbirlər dövlətlərin siyasətində prioritet sahələrdən birinə çevrilmişdir. Ötən il dünyanın 197 ölkəsinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq iqlim konfransı bu məsələyə olan marağın və narahatlığın miqyasını aydın şəkildə göstərdi. Tədbirdə qeydiyyatdan keçmiş iştirakçıların sayı 77 mini keçmişdi ki, bu da konfransın miqyasını və əhəmiyyətini bir daha təsdiqləyir. Bu tədbirdə 70-ə yaxın ölkənin dövlət və hökumət başçısının iştirakı isə onu qlobal liderlərin diqqət mərkəzinə çevirmişdir.
Konfransın Bakıda keçirilməsi Azərbaycan üçün ikiqat əhəmiyyət daşıyırdı. Birincisi, bu səviyyəli tədbirin ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. İkincisi isə, bu imkan sayəsində bir çox xarici qonaqlar ilk dəfə Azərbaycana səfər etdi və ölkəmizin inkişaf səviyyəsi, qonaqpərvərliyi və ətraf mühitə verdiyi önəm barədə birbaşa təsəvvür qazandılar.
Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi töhfələr də diqqətəlayiqdir. Ölkəmiz uzun illərdir ki, enerji istehsalında ətraf mühitə zərər vurmayan metodlardan istifadə etməyə üstünlük verir. Hazırda elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ağır mazut yanacağından istifadə edilmir. Əsas enerji mənbələri su ehtiyatları və təbii qazdır. Bu, həm daha təmiz enerji istehsalına, həm də atmosferə atılan tullantıların azalmasına imkan yaradır.
Bununla yanaşı, Azərbaycan bərpaolunan enerji sahəsində də sürətli addımlar atır. Xüsusilə günəş və külək enerjisi layihələri ölkənin enerji balansında alternativ mənbələrin payını artırmaq üçün mühüm platformaya çevrilməkdədir. Son dövrlərdə həyata keçirilən “Yaşıl Enerji Zonası” təşəbbüsləri, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialından səmərəli istifadə edilməsi planları da bu sahədəki milli strategiyanın tərkib hissəsidir.
Bütün bu faktlar onu göstərir ki, Azərbaycan ekoloji təhlükəsizliyi təmin etmək, iqlim dəyişmələrinin qarşısının alınması üçün beynəlxalq səylərə dəstək vermək və yaşıl inkişaf modelini tətbiq etməkdə maraqlı və təşəbbüskar dövlətdir. Bu yanaşma həm regional, həm də qlobal miqyasda dayanıqlı inkişafa töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru