• Şb. Noy 23rd, 2024

DƏMİR İRADƏLİ SƏRKƏRDƏMİZ

Byyenigun

Dek 23, 2021

Prezident İlham Əliyevi müasir dövrün yeni lideri hesab etmək olar. Çünki o, xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.
Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü qoruyan, dünyanın ən güclü orduları ilə eyni sırada yer alan və yüksək döyüş hazırlığı olan Silahlı Qüvvələrə malikdir. 2020-ci il sentyabrın 27-də Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verməklə düşmənə sarsıdıcı zərbələr endirdi və zəbt olunmuş ərazilərimizi işğalçılardan təmizlədi. Bununla da Azərbaycan Böyük qayıdış üçün ciddi addımını atdı. Hər birimiz indi erməni qəsbkarlarının vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçiririk. Bu şanlı qələbə erməni işğalçılarına xalqımızın və dövlətimizin gücünü nümayiş etdirdi, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərdi.
Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.
Hörmətli Prezident! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə xas olan böyük fədakarlıq, geniş təfəkkür, yüksək peşəkarlıq xalqımızın qarşısında duran mürəkkəb məsələləri həll etməyə imkan verir.
Vüsal Kazımov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir