• Ça. Avq 26th, 2025

Daimi dəstəyin və dostluğun nümunəsi

ByVuqar Ferzeliyev

Avq 25, 2025

      Azərbaycan, Türkmənistan və Özbəkistan yüksəksəviyyəli görüşü böyük perspektivlər vəd edir. Hər 3 ölkə açıq dialoq vasitəsi ilə çoxtərəfli qarşılıqlı münasibətləri inkişaf etdirmək niyyətini ortaya qoydu. Son dövrlər xüsusilə aktivləşən Bakı-Aşqabad münasibətləri daha geniş əməkdaşlıq formatına zəmin yaratdı. Yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Qardaş Türkmənistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edəcək. Bu da bütövlükdə türk dünyasının prosesə töhfəsi kimi qiymətləndirilməlidir.

      Liderlərin Türkmənbaşıda apardığı müzakirələrdən, səslənən bəyanatlardan, əldə olunan razılaşmalardan bir daha aydın oldu ki, siyasi-iqtisad-nəqliyyat, mədəni-humanitar sahələrdə yeni perspektivlər mövcuddur. Ən əsas məsələ – 3 qardaş ölkə sülhün, sabitliyin tərəfdarıdır və üçtərəfli əməkdaşlıq regional işbirliyi ilə yanaşı, regional təhlükəsizliyə də töhfə verəcək. Bakı, Aşqabad və Daşkənd mövcud iqtisadi potensialı bütövlükdə Avrasiyanın inkişafına yönəltməyin tərəfdarıdır. Tərəflər Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdilər.  

       Hədəf qarşıdakı dövrdə üçtərəfli əlaqələri gücləndirməkdir. Azərbaycanın böyük qələbəsindən sonra Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaranıb. Üstəlik, dünyada alternativ və təhlükəsiz nəqliyyat dəhlizlərinə ehtiyac olduğu bir vaxtda, həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın geosiyasi əhəmiyyəti daha da artıb. Coğrafi mövqe, iqtisadiyyat və nəqliyyat-kommunikasiya imkanları faydalı əməkdaşlığa zəmin yaradır. Türkmənbaşıda liderlər bir daha bəyan etdi ki, əsas məqsəd dayanıqlı inkişafı təmin etməkdir. Bunun üçün isə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planları nəzərdən keçirilir.

      Görüşdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olunub, Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulanıb. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirilib.

Mirsüleyman Mirxaslı,

YAP Cəlilabad Rayon Təşkilatının sədri