• Ç. Noy 27th, 2024

Davamlı inkişafın göstəriciləri

ByVuqar Ferzeliyev

Apr 17, 2024

      Prezident İlham Əliyevin çıxışında göstərildiyi kimi, Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.

        Ötən il burada 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur. İndi müqayisə üçün demək olar ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada – Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır – nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o qədər münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni görürük – Hacıqabulda hər hektardan 7 ton. Amma torpağı daim münbit olan yerlərdə bu rəqəm daha da arta bilər.

       İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.

       Prezident İlham Əliyev demişdir ki, Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarıəhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir.

       Həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.

        Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər inkişafın göstəriciləridir.

                                                                               Sultan Bayramov,

Cəlilabad rayon Su-kanal sahəsinin mühəndisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir