Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib.
Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə hər zaman layiq görülüb. Bu dəfə də ölkə başçısı öz zəfər sevincini xalqla bölüşdü. Müzəffər Ali Baş Komandanın səfər zamanı çıxışında bir daha bəyan etdiyi kimi, biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq.
Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Naxçıvanda Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.
Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Tarixi ədaləti bərpa etmiş Azərbaycan xalqı. düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.
Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Respublika bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olubvə bu inkişaf göstəriciləri geniş miqyaslıdır. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Naxçıvanın infrastruktur layihələri şaxələnir, bölgə sürətlə inkişaf edir. Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi, elektrik enerjisi ilə təchizat tam ödənilir. Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır. “ASAN” və “DOST” mərkəzləri ictimai xidmətlərin səviyyəsinin artırılmasında mühüm rol oynayır. Naxçıvan böyük turizm potensialına malikdir, yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. Pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq.
Ali Baş Komandan bir daha qətiyyətli, əzmli şəkildə bildirdi ki, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır və bu bayraq əbədi dalğalanacaq. Biz azərbaycanlılar bütün çətinlikləri dəf edəcəyik, bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bu cəhətdən Naxçıvan ölkə miqyasında irəlidə gedən məkandır, bununla fəxr etməyə dəyər.
İsgəndərov Tofiq, ADPU Cəlilabad filiali Pedaqoji elmlər kafedrasının baş müəllimi