• Be. İyl 21st, 2025

Dialoq, şəffaflıq, əməkdaşlıq mühitində

ByVuqar Ferzeliyev

İyl 21, 2025

        İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib.

       Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid etmək olar ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

       Bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək.

      Prezident İlham Əliyev deyib ki, Azərbaycanın inkişafında əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Bu, bu günə qədər də məhz belə olmuşdur.

       Şuşada Beynəlxalq Media Forumun keçirilməsi Azərbaycan media tarixində önəmli bir hadisə kimi qalacaq. Çünki faktiki olaraq bu toplantı son bir neçə il ərzində media sahəsində həyata keçirilən islahatların yekunu kimi qəbul oluna bilər. İndiki şəraitdə həm hüquqi bazanın formalaşması, həm də media üçün platforma yaradılması ilə Azərbaycan mediasının daha dinamik şəkildə inkişafına şübhə etmirik.

Ofeliya Sadatova,

Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir