Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İran və Rusiya ilə münasibətləri strateji həssaslıq kontekstində şərh edir. İranla əlaqələrdə Azərbaycan Prezidentinin vurğuladığı əsas məqam, dövlətlərarası münasibətlərin şəxsi əlaqələrdən və media spekulyasiyalarından üstün olmasıdır. Rusiya ilə əlaqələrdə isə mülki təyyarənin vurulması və bununla bağlı hadisələr Azərbaycanın beynəlxalq hüquqa, həmçinin öz vətəndaşlarının təhlükəsizliyinə önəm verdiyini göstərir. İlham Əliyev açıq şəkildə bildirir ki, Azərbaycan təcavüzkar siyasət yürütmür, lakin öz ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq gücünə malikdir.
Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir.
Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir.
Lakin iki əsas maneə var. Birincisi, mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. İkincisi, Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Şəhər və kəndlərimiz yerlə-yeksan olunmuşdur.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir: tarixi torpaqların bərpası, regionda davamlı sülhün təmin edilməsi, strateji nəqliyyat layihələrinin təşviqi, və beynəlxalq vasitəçilik missiyasının icrası. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, həm də Yaxın Şərq və Mərkəzi Asiyada təsir gücünü artıran məqsədyönlü xarici siyasətinin təzahürüdür.
Rafiq Ağayev,
Yeni Azərbaycan Partiyası
Cəlilabad Rayon Təşkilatının sədr müavini