Prezident İlham Əliyevin Türkmənistana səfərinin əhəmiyyətini göstərən mühüm məqamlardan biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Prezident İlham Əliyev görüşdəki çıxışında həm Azərbaycan-Türkmənistan, həm də Azərbaycan-Özbəkistan əlaqələrinin dünəninə, bu gününə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri geniş müzakirə olundu. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.
Azərbaycan öz qazını Avropaya çatdırmaqda Türkmənistan üçün “qapı” olmağa hazırdır. Avropa İttifaqı addımlarını sinxronlaşdırmağa hazırdır, növbə Aşqabadındır. Türkmənistan yataqlarını Rusiyadan yan keçməklə Azərbaycan, Türkiyə və Avropa İttifaqı ilə birləşdirəcək Transxəzər qaz kəməri layihəsi də bu gün diqqət mərkəzindədir. Qaz layihələri ilə yanaşı, Orta Asiya, Cənubi Qafqaz və Türkiyədən keçən Avropa İttifaqı ilə Çin arasında strateji nəqliyyat marşrutu olan Orta Dəhliz adlandırılan layihəyə maraq artır. Əlverişli coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə Türkmənistan regionun inkişaf etməkdə olan logistika və enerji arxitekturasında ən mühüm mövqe tutmağa çalışır.
İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var. Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin – xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlarımız mövcuddur. Qeyd edək ki, ABŞ Qazaxıstan və Türkmənistanın maraqlarından istifadə edərək, bu irimiqyaslı layihələrin həyata keçirilməsinə şərait yaratmağa çalışır.
Rahib Kərimov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru