Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700 ilə bərabər edirlər. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Bu çərşənbələrdən birinci-su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. İkincisi-od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş torpağı qızdırır, isindirir, od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayırdılar. Üçüncüsü-yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağaclar yellədir ki, onlar da oyansın. Dördüncüsü-torpaq çərşənbəsidir. Torpağı ona təbiət su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır, ona görə də ta qədimdən insanlar ilk yaz əkini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir. Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən qədim bayramdır.
Samir Talıbov
Saatlı Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı