• C. Noy 22nd, 2024

DOSTLUĞUN VƏ QARDAŞLIĞIN RƏMZİ

Byadmin

Dek 11, 2021

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu ərazilərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi.
Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq! Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”, – deyə Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirdi.
Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.
Hafiz Cavadov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir