Azərbaycanın sosial siyasətində canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı göstərilməsi xüsusi yer tutur. Ölkəmizdə postmüharibə dövründə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan dövləti tərəfindən, həmçinin müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə aparılan siyasətin özəlliyinə diqqət çəkib: ”Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı”.
Bu gün Prezident yenə də öz sözünün sahibidir, müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında qalib ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir.
Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir.
Ağaxan Ağayev, Cəlilabad RTŞ-nin müdir əvəzi