Azərbaycanın tarixi bölgələrindən biri olan Kəlbəcər uzun illər işğal altında qalaraq dağıntılara məruz qalmışdı. Lakin bu gün həmin torpaqlara həyat qayıdır, şəhər və kəndlər yenidən bərpa olunur. Kəlbəcərdə aparılan genişmiqyaslı inşaat işləri həm “Böyük Qayıdış” Proqramının uğurlu icrasını, həm də dövlətin və xalqın birgə iradəsinin təntənəsini nümayiş etdirir.
Artıq Kəlbəcərdə ilk yaşayış kompleksi istifadəyə verilib və sakinlər yeni mənzillərlə təmin olunublar. Bununla yanaşı, tikinti işləri davam etdirilir. Yaxın illərdə növbəti yaşayış komplekslərinin də təməli qoyulacaq və buraya minlərlə insanın – köçkünlərin qohum və dostlarının qayıdışı təmin ediləcək. Proqramın ilk mərhələsinə əsasən, Kəlbəcər şəhərində dörd böyük yaşayış kompleksinin inşası planlaşdırılır ki, bu da 10 mindən artıq insanın müasir şəraitdə məskunlaşmasına imkan verəcək.
Yeni binalarla yanaşı, şəhərin inkişafı üçün zəruri infrastruktur layihələri də həyata keçirilir. Elektrik enerjisi, içməli su və təbii qaz xətləri çəkilib, yollar salınıb, ərazi minalardan təmizlənib. Bununla yanaşı, təhsil sahəsinə də xüsusi diqqət ayrılıb. Hazırda Kəlbəcərdə müasir tipli məktəbin inşası sürətlə davam edir və gələn tədris ilində istifadəyə verilməsi planlaşdırılır. Bu müddətdə isə kəlbəcərli uşaqlar modul tipli məktəbdə təhsillərini davam etdirəcəklər.
Kəlbəcərin dirçəlişi yalnız infrastrukturla məhdudlaşmır – bu proses həm də sosial-mənəvi məna daşıyır. Uzun illər çadırlarda, yataqxanalarda və uyğunlaşdırılmış binalarda ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin doğma yurda qayıtması böyük tarixi hadisədir. Bu, həm ədalətin bərpası, həm də xalqın səbri və əzminin təntənəsidir.
Bu gün Kəlbəcər Azərbaycanın ən böyük rayonlarından biri kimi yenidən canlanır. Yeni yaşayış kompleksləri, təhsil müəssisələri və sosial obyektlər burada gələcək nəsillərin firavan həyatını təmin edəcək. Bütün bunlar göstərir ki, Böyük Qayıdış yalnız köç prosesindən ibarət deyil, həm də hərtərəfli quruculuq və inkişaf mərhələsidir.
Salmanov Rauf
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı