Otuz ildən sonra doğma torpaqlarına qayıdan kəlbəcərlilər bu gün tamamilə yeni bir şəhərlə qarşılaşırlar. Müasir memarlıq prinsiplərinə əsaslanan binalar, geniş yollar, yaşıllaşdırılmış ərazilər, məktəblər, bağçalar, tibb ocaqları, ictimai zonalar Kəlbəcəri müasir həyatın tələblərinə cavab verən bir məkana çevirib. Kəlbəcər şəhərinin Baş planına uyğun olaraq salınan yeni yaşayış kompleksləri, parklar, infrastruktur və sosial obyektlər Prezident İlham Əliyevin dediyi kimi bu ərazini yalnız Azərbaycanda deyil, dünyada da ən gözəl şəhərlərdən birinə çevirir.
Kəlbəcər sakinlərinin doğma yurda geri dönüşü sadəcə bir fiziki köç prosesi deyil, milli yaddaşın, tarixi ədalətin və suverenliyin təntənəsidir. Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, ədalət bərpa olundu, xalqın iradəsi qalib gəldi. Bu baxımdan, Kəlbəcərə dönüş həm də Azərbaycanın gücünün, xalq-dövlət birliyinin göstəricisidir.
Azad olunan ərazilərdə, o cümlədən Kəlbəcərdə yaradılan şərait təkcə məskunlaşma ilə məhdudlaşmır. Burada iş yerlərinin yaradılması, kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafı üçün də şərait formalaşdırılır. Məşğulluq imkanlarının artırılması, sahibkarlığa dəstək tədbirləri sayəsində sakinlər doğma torpaqda öz həyatlarını yenidən qurmaq imkanı qazanırlar.
Coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malik olan Kəlbəcər, həm də zəngin təbiəti, su ehtiyatları və mineral bulaqları ilə Azərbaycanın turizm xəritəsində aparıcı yer tutmağa namizəddir. İstisu, Yuxarı Ayıbdərə, Soyuqbulaq kimi təbii sərvətlərin bərpası, müasir turizm infrastrukturunun yaradılması gələcəkdə bölgənin iqtisadi inkişafını daha da sürətləndirəcək.
Ələddin Zeynalov
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı