Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. İllər ərzində görülmüş işlər öz müsbət nəticəsini göstərir. Böyük Qələbəni təmin etmiş Müzəffər ordumuz bu gün ən yüksək diqqətə layiqdir və bu diqqət yetərincədir. İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam imzalaması bu reallığın daha bir nümunəsidir.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Heç şübhəsiz, bu, Prezident İlham Əliyevin və dövlətimizin hərbçilərə yüksək diqqət və qayğısının növbəti nümunəsidir. Qeyd edək ki, Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir. Bu əlavə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq.Ölkəmizdə yeni quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq, böyük işlər görülüb. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Məhz hazırlıq hesabına güclü dövlət yaratmışıq.
Ümumiyyətlə, ötən illər ərzində ölkəmizdə peşəkar ordu quruculuğu sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırıqlarını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Bu güclü ordu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək işğal altında olan ərazilərimizi azad etdi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin, mənzil-məişət problemlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Prezidenti, İlham Əliyev tərəfindən imzalanan Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Digər tərəfdən, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində də davamlı və səmərəli tədbirlər həyata keçirilib. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılıb. Yeni şəhərciklər tikilərək istifadəyə verilib.
Eyni zamanda, cari il iyunun 24-də 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunması, iyunun 25-də isə hərbçilərin maaşlarının 20-60 faizi həcmində maaşlarına əlavələrin olunmasını nəzərdə tutan Prezident Sərəncamının imzalanması onlara diqqət və qayğının davamlı xarakter daşıdığını göstərir.
Varid Əsgərov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi