• Be. Noy 25th, 2024

Dövlətimizin beynəlxalq nüfuzu durmadan artır    

ByVuqar Ferzeliyev

Noy 5, 2022

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikası Prezidentinin dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində fəxri qonaq statusunda iştirak etməsi dövlətimizin rəhbərinə beynəlxalq aləmdə göstərilən diqqət və ehtiramın ifadəsidir. Bu Toplantıda təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu, həm də İslam dövlətləri arasında  dostluq və qardaşlığın təcəssümüdür.   

        Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Bu təşkilat 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

        İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq aləmdəki  reytinqi  daha da yüksəlib. İndi respublikamız dünyada qalb ölkə kimi tanınır. Bu şanlı Qələbə ölkəmizi  bütövləşdirdi və  Ermənistanın 30 illik işğalına birdəfəlik son qoyuldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev beynəlxalq tədbirlərdə qalib ölkənin lideri kimi qəbul edilir. Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

       Dövlətimizin başçısı  sammitdə, həm də Qoşulmama Hərəkatının sədri kimi iştirak edirdi. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi  beynəlxalq aləmdə mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən  hərəkat BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir. Quruma  sədrlik üzv ölkələrin  xahişi və  yekdil qərarı ilə  2023-cü ilin sonuna qədər uzadılmışdır. Bu da dövlət başçımızın yeritdiyi  siyasətə yüksək səviyyəli dəstəyin və rəğbətin göstəricisidir.

        Onu da qeyd edək ki, Qoşulmama Hərəkatının  Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Qoşulmama Hərəkatının hazırkı rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ərəb Liqası Dövlətlərinin 31-ci Sammitində iştirakı Cənubi Qafqaz, Yaxın Şərq regionlarında və ümumilikdə dünyada sabitliyin və sülhün əldə edilməsi istiqamətində beynəlxalq ictimaiyyətə çağırış ilə yadda qaldı.

Səadət İsmayılova,

Cəlilabad rayonu Sərhədabad bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir