• C. Noy 22nd, 2024

DÖVLƏTİMİZİN HƏRBİ QÜDRƏTİ ARTIR

Byyenigun

Dek 28, 2021

Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu müstəvisində, eləcə də bütün cəmiyyətdə hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilmiş, vətənpərvər gənc nəsil yetişmişdir: “Prezident İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü hərbi-sənaye kompleksi yaradılmış, 20-dən artıq hərbi zavod işə salınmış, 5-ci nəsil silahlar alınmış, Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilib. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu NATO standartları səviyyəsində formalaşıb, dünyanın güclü orduları sırasında öz yerini möhkəmlətmiş, Vətən müharibəsi zamanı göstərdiyi hərbi şücaəti, hərbi bacarığı ilə dünya ordularının müharibə doktrinalarını, taktikalarını dəyişdirmə zərurəti yaradıb”.
Prezident İlham Əliyev Hadrutda olarkən demişdir: Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir.

Komando briqadalarının yaradılması şübhəsiz ki, Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında və döyüş effektivliyinin artırılmasında yeni mərhələdir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindəidir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Azərbaycan xalqı tam haqlı olaraq öz ordusu ilə fəxr edir.

Aqil Nəzərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir