Dövlətimizin başçısı İlham Əliyev İƏT-in Xankəndidə keçirilmiş Zirvə görüşündə ölkəmizə xüsusi diqqətin, xalqlarımızın dostluğunun təsdiqi kimi dəyərləndirilərək qeyd etdi ki, Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Biz suveren ölkə kimi onlarla bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.
Bu Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü xüsusilə qeyd etmək olar.
Azərbaycan xalqı əlamətdar və tarixi dövrü yaşayır. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Regionda yeni reallıqların yaranması səbəbindən əməkdaşlığın perspektivləri iqtisadiyyatın bütün sahələri üzrə meydana çıxır. Birgə səylər əsasında əməkdaşlığımız irəliləyir, bundan sonrakı qarşılıqlı fəaliyyətin yolları müəyyənləşdirilir.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.
Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Düşünürük ki, Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyət, cəbhədə qazanılan tarixi Qələbə həm Azərbaycan, həm də İƏT-ə üzv ölkələr üçün bundan sonra çox faydalı olacaq.
Rafiq Ağayev,
Yeni Azərbaycan Partiyası
Cəlilabad Rayon Təşkilatının sədr müavini