• Ça. İyl 22nd, 2025

“Əkinçi” qəzeti.

ByVuqar Ferzeliyev

İyl 22, 2025

       22 iyul 1875-ci il tarixində görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə Azərbaycan xalqının milli oyanışında yeni səhifə açılıb. Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 22 iyul 1875-ci il tarixindən 29 sentyabr 1877-ci il tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Həmin müddət ərzində qəzetin əlli altı nömrəsi işıq üzü görüb. İctimai fikir tariximizin mühüm bir hissəsi Azərbaycan milli mətbuatının zəngin inkişaf yoludur. “Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Şübhəsiz ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Bundan əlavə, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Nəticədə, 29 sentyabr 1877-ci il tarixində “Əkinçi” qəzeti öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın təməlini qoyan bu qəzet, 2 illik ömür yaşasa da, Azərbaycan xalqının milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Bu qəzetdən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.

       Hazırda hərtərəfli inkişaf edən Azərbaycanda bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, eyni zamanda onları istiqamətləndirir. Cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə mətbuat siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, həmçinin həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir. Görkəmli ziyalımız Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 149 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Keçən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Jurnalistikamızda söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

  Gülnarə Mirzəliyeva

  Saatlı MKS-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir