Prezident İlham Əliyevin Düşənbə səfəri, səfər çərçivəsində keçirilən görüşlər və eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında verdiyi mesajlar ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Prezident Rəhmon, həm də Ulu öndər Heydər Əliyev ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.
Son illərin reallıqlarından biri də budur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin tarixinə qısa nəzər salaq. Diplomatik münasibətlərimiz 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 60-dan çox sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölkələrimizin münasibətlərində elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri də mühüm yer tutur. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
Səfərin ümumi mənzərəsi Azərbaycanın çox vektorlu diplomatiyasının növbəti təzahürüdür. Düşənbə səfəri bir daha göstərdi ki, Azərbaycan nəinki öz regionunda, həm də MDB məkanında aktiv, təşəbbüskar və sabitləşdirici güc rolunu oynayır. Bu səfər də Azərbaycanın regional diplomatiyada liderlik mövqeyini daha da möhkəmləndirəcək, MDB daxilində islahat və modernləşmə proseslərinə töhfə verəcək.
Dəyanət Əskərov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi