Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yarandı. Bu isə öz-özlüyündə Azərbaycanın xarici siyasətində üçün yeni çağırışlara səbəb oldu. Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda vurğulanıb ki, biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq.
Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Şimali Makedoniyanın xanım Prezidentlə ikinci görüş qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq bu rəsmi səfədən və nümayəndə heyətlərinin təmaslarından sonra bu boşluğu da dolduracağıq.
Qeyd edək ki, Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. bu fikirləri də Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektoru