Azərbaycan qadını əbədi gözəllik simvolu olmaqla yanaşı, dövlətin, cəmiyyətin, ictimai-siyasi həyatın, hər bir evin aynası, o evdəki həyatın mənası, ailənin dayağıdır. Azərbaycan qadınları müdrik hökmdar, cəsur sərkərdə, bacarıqlı diplomat, istedadlı şairə, sənətkar kimi tariximizdə iz qoyublar. Onlar bu gün cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb çağların sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından öncə səsvermə hüququ əldə etməsi, elm, mədəniyyət və başqa sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur – zəif, zərif, gözəl qadın… Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmişdir. Həmçinin ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncamı və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı ölkənin sosial-siyasi, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə imzalanmış mühüm dövlət sənədləri olmuşdur.
Bu gün Ulu Öndərimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə həyata keçirilir. Prezidentimiz qadınlarımıza yüksək qiymət verərək demişdir: “Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı Azərbaycan qadını atmışdır.
Bütünlükdə respublikamızda olduğu kimi rayonumuzun da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Bu da ölkəmizdə gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır.
Əziz xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Fəttah Kərimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi