• Be. İyl 1st, 2024

Erkən Nigah və onların törətdiyi fəsadlar

ByVuqar Ferzeliyev

İyn 27, 2024

Sosioloji baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyi olan ailə instutu ər və xanımından, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrə olub insanlığın ən ali, ülvi, saf duyğularını, nəcib niyyətlərini özündə əks etdirən, müqəddəs ittifaq və cəmiyyətin özəyidir. Sağlam təməllər üzərində qurulmuş ailənin əsas şərtləri ilk öncə ailəni quran şəxslərin şəxsiyyəti, onların dünya görüşü, intellektual səviyyəsi, sağlamlığı, fiziki və psixoloji inkişaf səviyyəsi və s bu kimi bioloji, sosial və psixoloji faktorlardan asılır. Bu baxımdan fərdlərin nikaha daxil olma yaşının müəyyənləşdirilməsi vacib amillərdəndir. Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Uşaq Hüquqları Konvensiyası Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığıəsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz. O, cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.

“Cəzaların artırılması da rol oynaya bilər. Cəmiyyətin iştirakı, hökümətin dərhal tədbir görməsi çox effektiv nəticə verə bilər. Cinayət tərkibi, cərimələr ağırlaşarsa, qısa müddətdə qarşısını olmaq olar”.

Qeyd edək ki, bir müddət əvvəl Komitə erkən nikah mövzusunda araşdırma hazırlayıb. Araşdırmada erkən nikahlarla mübarizə üçün çıxış yolları göstərilir:
Erkən nikah kompleks tədbirlər tələb edən sosial bir problem olduğu üçün təkbaşına maarifləndirmə aksiyaları ilə qarşısını almaq mümkün deyil. Maarifləndirmə işi davam etdirilməlidir, lakin bu kampaniyalarda əsas hədəf erkən nikaha loyal münasibət göstərən şəxslər olmalıdır. Bir çox hallarda erkən nikahın səbəbi sosial-iqtisadi vəziyyətlə bağlı olduğu üçün müvafiq qurumlarla birgə riskli ailələrin sosial təminatının yaxşılaşdırılması, eləcə də qızların keyfiyyətli təhsilə əlçatanlığının artırılması ilə bağlı kompleks tədbirlər görülməlidir.
Erkən nikaha məruz qalan şəxsin valideynlərinin cəzalandırılması ilə yanaşı qanunvericilikdə, cinayət məcəlləsində 18 yaş altında nikaha daxil olan şəxsin tərəf-müqabilinin də cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəyişikliklər aparılmalıdır..

Saatlı rayon Qeydiyyat şöbəsinin rəisi
Rəşad Qəhrəmanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir